Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Verona”nın türkiyəli mərkəz müdafiəçisi Mert Çetin sözügedən klubdan ayrılıb.
Arena.az xəbər verir ki, Türkiyə yığmasının üzvü bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
27 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
“Gənclərbirliyi”nin yetirməsi olan Mert Çetin karyerasının ilk illərində “Hacettepe”nin də formasını geyinib. 2019-cu ilin avqustunda “Gənclərbirliyi”nə 4,3 milyon avro ödəyən İtaliyanın “Roma” klubu bu müdafiəçini heyətinə qatıb. Amma türk futbolçu “canavarlar”ın heyətində cəmi 6 oyuna çıxıb. Bu üzdən 2020-ci ilin yayında “Verona” onu icarəyə götürüb. Bir il sonra “Roma”ya 7,8 milyon avro ödəyən “Verona” onun transfer hüquqlarını da alıb. Amma Mert bu klubda da əsas heyət üzvünə çevrilə bilməyib. O, “Verona”da cəmi 10 matç keçirib. Futbolçu geridə qalan mövsümlərdə “Kayserispor”, “Leççe”, “Adana Dəmirspor” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb. Geridə qalmış mövsümdə isə Mert “Ankaragücü” komandasında icarədə olub.
Mert Çetin Türkiyə millisində də 2 oyun keçirib. Müdafiəçinin karyerasını harada davam etdirəcəyi hələ bilinmir.
Yeri gəlmişkən, “Verona” heyətinə yeni futbolçular da cəlb edib. Sözügedən klub “Frozinone”nin yarımmüdafiəçisi Abdu Harrui ilə Kolumbiyanın “Amerika di Kali” komandasının hücumçusu Daniel Moskeranı transfer edib. İtaliya klubu bu oyunçuların keçidi üçün müvafiq olaraq 1,2 milyon və 700 min avro təzminat ödəyib. Hər iki oyunçu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Niderland vətəndaşlığı da olan mərakeşli Abdu Harruinin 26 yaşı var. O, “Frozinone”dən öncə “Sparta” (Rotterdam), “Sassuolo” kimi klubların da formasını geyinib, Niderlandın U-20 və U-21 yığmalarında oynayıb.
Kolumbiyalı Daniel Moskeranın isə 24 yaşı var. O, “Barrankilya”, “Lyaneros”, “Universidad Sentral”, “Atletiko” (Bukaramanqa) kimi klublarda da çıxış edib.