Futbol üzrə Türkiyə milli komandasının və İtaliyanın “Verona” klubunun mərkəz müdafiəçisi Mert Çetin yenidən Super Liqaya qayıdıb.
Arena.az xəbər verir ki, “Ankaragücü” klubu 26 yaşlı futbolçunu satınalma şərti ilə 2023/2024 mövsümünün sonuna kimi icarəyə götürüb.
“Gənclərbirliyi”nin yetirməsi olan Mert Çetin karyerasının ilk illərində “Hacettepe”nin də formasını geyinib. 2019-cu ilin avqustunda “Gənclərbirliyi”nə 4,3 milyon avro ödəyən İtaliyanın “Roma” klubu bu müdafiəçini heyətinə qatıb. Amma türk futbolçu “canavarlar”ın heyətində cəmi 6 oyuna çıxıb. Bu üzdən 2020-ci ilin yayında “Verona” onu icarəyə götürüb. Bir il sonra “Roma”ya 7,8 milyon avro ödəyən “Verona” onun transfer hüquqlarını da alıb. Amma Mert bu klubda da əsas heyət üzvünə çevrilə bilməyib. O, “Verona”da cəmi 10 matç keçirib. Futbolçu geridə qalan mövsümlərdə “Kayserispor”, “Leççe” və “Adana Dəmirspor” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb. O, Türkiyə millisində də cəmi 1 matç keçirib.
“Ankaragücü” bu ilin martında Çexiyanın “Sparta” (Praqa) klubundan icarəyə götürdüyü Matey Hanousekin də transfer hüquqlarını alıb. Super Liqa təmsilçisinin 30 yaşlı çex futbolçuya görə nə qədər ödədiyi açıqlanmır. Təcrübəli futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Sol cinah müdafiəçisi geridə qalan mövsümdə Ankara təmsilçisinin heyətində 13 oyuna çıxıb. O, daha öncə Türkiyədə “Qaziantep”in də formasını geyinib. Müdafiəçi “Yablonets”, “Sparta” (Praqa), “Dukla” (Praqa), “Visla” (Krakov) kimi klubların da uğurları üçün çalışıb. O, Çexiyanın gənclərdən ibarət yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Yeri gəlmişkən, Mərt Çətini icarəyə verən “Verona” Yunanıstandan olan mərkəz müdafiəçisi Panayotis Retsosla da yollarını ayırıb. 24 yaşlı futbolçu da ölkəsinin “Olimpiakos” klubuna keçib. O, ötən mövsümü icarə əsasında keçirdiyi bu klubla 2 illik yeni sözləşmə imzalayıb. Retsos “Bayer”, “Şeffild Yunayted”, “Sent Etyen” və “Verona”da da oynayıb. O, Yunanıstan yığmasında 6 oyun keçirib.



