Mesut Özil azı 3 ay oynamayacaq

Türkiyənin “Başakşəhər” klubunun yarımmüdafiəçi Mesut Özil uzun müddətə sıradan çıxıb. Arena.az xəbər verir ki, bu barədə klubun prezidenti Göksel Gümüşdağ yerli mətbuata açıqlamasında bildirib.

O, təcrübəli futbolçunun belində yaranmış problemlə əlaqədar əməliyyat olunacağını bəyan edib. Bu üzdən Özilin azı 3 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.

Xatırladaq ki, Mesut Özil bu yay “Fənərbaxça”dan ayrılaraq “Başakşəhər”lə 1+1 illik sözləşməyə imza atıb. 33 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində cəmi 3 matça çıxsa da, qol və ya məhsuldar ötürmə müəllifi olmayıb.

Özil “Fənərbaxça”dan öncə İngiltərənin “Arsenal”, Almaniyanın “Şalke”, “Verder”, İspaniyanın “Real” klublarının da uğurları üçün çalışıb. Əslən türk olmasına baxmayaraq, Mesut Almaniyada dünyaya göz açdığı və bu ölkənin vətəndaşlığın daşıdığı üçün, Almaniya yığmasında oynamağa qərar verib. O, sözügedən ölkənin milli komandasında 92 oyuna çıxıb, 23 qol vurub. Özil 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.