Mesut Özil rəsmən “Başakşəhər”də

Futbol üzrə Almaniya millisinin sabiq yarımmüdafiəçisi Mesut Özil Türkiyənin “Başakşəhər” klubu ilə müqavilə imzalayıb. Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu İstanbul təmsilçisi ilə 1+1 illik sözləşməyə imza atıb.

Ötən gün “Fənərbaxça” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən futbolçu, yeni klubuna azad agent qismində keçib. O, yeni komandasında 10 nömrəli formanı geyinəcək.

Mesut Özil “Fənərbaxça”ya 2021-ci ilin yanvarında İngiltərənin “Arsenal” klubundan ayrılaraq, azad agent kimi keçmişdi. Lakin onun İstanbul təmsilçisindəki karyerası o qədər də uğurlu alınmayıb. Xüsusilə də geridə qalan mövsümün gedişində məşqçilərlə problem yaşayan futbolçu heyətdən kənarlaşdırılmışdı. Özil “Fənərbaxça”da cəmi 37 matça çıxıb və 9 qola imza atıb.

Əslən türk olmasına baxmayaraq, Mesut Almaniyada dünyaya göz açdığı və bu ölkənin vətəndaşlığın daşıdığı üçün, Almaniya yığmasında oynamağa qərar verib. O, sözügedən ölkənin milli komandasında 92 oyuna çıxıb, 23 qol vurub. Özil 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.

33 yaşlı yarımmüdafiəçi əvvəllər “Şalke”, “Verder”, “Real” və “Arsenal”ın da uğurları üçün çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: