Miçel “Jirona”nın La Liqada liderliyindən danışdı

“Jirona”nın baş məşqçisi Migel Anxel Sançes Munyos (Miçel) “ağ-qırmızılar”ın İspaniya La Liqasındakı gözlənilməz liderliyini şərh edib.

Arena.az AS dərgisinə istinadən Kataloniya təmsilçisinin 47 yaşlı çalışdırıcısının bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bizim ardıcıl altı qələbəmiz var və yüksək divizionda bunu etmək asan deyil. İdeya bizim necə oynamağımızdadır. Şənbə günü “Real”la oyunda biz anın həzzini almalıyıq və yalnız oyun haqqında düşünməliyik. Bu, əla oyun olacaq, axı biz dünyanın ən yaxşı komandalarından biri ilə lider qismində oynayacağıq.

Liderlik – bu, gözəldir, biz isə bundan məmnun olmalıyıq. Biz tərəqqiyə davam etməli və klubun irəliyə doğru addım atmasına kömək etməliyik. Bu, bizə yeni oyunçular qazanmağa kömək edə bilər. Yeddi turdan sonra çempionatda lider olmağımızla dayana bilmərik”, deyə Miçel bildirib.

Xatırladaq ki, “Jirona” 7 oyundan sonra 19 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. Kataloniyalılar 6 qələbə qazanıblar, 1 heç-heçə ediblər, top fərqi isə 18:8 nisbətindədir.

Sabah, sentyabrın 30-da “Jirona” 8-ci turun mərkəzi görüşü çərçivəsində İspaniya nəhəngi “Real”ı qəbul edəcək. “Kral” klubu 18 xalla 2-ci pillədə qərarlaşıb. “Jirona”nın “böyük qardaşı” “Barselona” isə 17 xalla 3-cü pillədədir və əzəli rəqibi “Real”ı daban-daban izləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: