Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın ispaniyalı sabiq yarımmüdafiəçisi Miçel Madeyra “Ondavasca” nəşrinə açıqlama verib.
Arena.az xəbər verir ki, 39 yaşlı veteran futbolçu UEFA Çempionlar Liqasının bu gün keçiriləcək “Atletik” – “Qarabağ” oyunundan əvvəl fikirlərini bölüşüb.
O, vaxtilə “Qarabağ”da beş il çıxış etdiyini xatırladıb:
“Burada gözəl illərim olub. Mən klubu, Bakı və Azərbaycanı ikinci vətənim hesab edirəm. Bu, çox çalışqan insanların olduğu gözəl klubdur. Heç vaxt bu yer haqqında pis şey deyə bilmərəm. Ölkə inkişaf edib, xüsusən də Bakıda maraqlı işlər görülüb”.
Miçel Madeyra Ağdam təmsilçisinin klub olaraq inkişaf etdiyini vurğulayıb:
“Onlar yaxşı transferlər edirlər. Qurban Qurbanov çalışdığım ən yaxşı baş məşqçilərdən biridir. Ondan çox şey öyrənmişəm”.
Sabiq yarımmüdafiəçi “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda Portuqaliyada “Benfika”ya qalib gəldiyini (3:2) xatırladıb:
“Komandanın müdafiədən hücuma keçidi çox sürətlidir və bacarıqlı futbolçuları var. Onlardan biri də Abdullah Zubirdir. “Qarabağ”ı səfərdə daha təhlükəli hesab edirəm. Xüsusən də Portuqaliyada “Benfika” ilə oyunda 0:2 hesabı ilə geri düşsələr də, geridönüş edə bildilər”.
Xatırladaq ki, bu gün “San Mames” stadionunda keçiriləcək “Atletik” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.



