Futbol üzrə İspaniya millisinin və “Jirona”nın sol cinah müdafiəçisi Migel Qutyerres bundan sonra “Napoli”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Neapol təmsilçisi bu transfer üçün “Jirona”ya 18 milyon avro ödəyib. 24 yaşlı müdafiəçi yeni klubu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalayıb.
Migel Qutyerres İspaniyanın “Xetafe” və “Real” (Madrid) klublarının yetirməsidir. O, peşəkar karyerasına da məhz Madrid “Real”ında başlayıb. “Jirona” onu 2022-ci ildə paytaxt klubundan 4 milyon avro müqabilində transfer etmişdi. Müdafiəçi bu klubun forması altında meydana çıxdığı 112 oyunda 6 qol vurub, 19 məhsuldar ötürmə müəllifi olub.
Qutyerres İspaniyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra 2024-cü ildə əsas millidə debüt edib. O, yığmada 5 oyun keçirib, 1 qola imza atıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


