“Milan” “Lill”in qapıçısını transfer etdi

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi Fransa çempionu “Lill”dən Mayk Menyanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı qapıçı ilə müddəti 2026-cı ilin iyununa qədər olan müqavilə imzalanıb.

İtaliya mətbuatının yazdığına görə, milanlılar bu transferə görə qarşı tərəfə 15 milyon avro ödəyəcək.

Mayk “Milan”da 16 nömrəli formanı geyinəcək. O, yeni komandasına iyulun 1-dən qoşulacaq.

“Lill”in bu mövsüm çempion olmasında əsas pay sahiblərindən biri olan Menyan, meydana çıxdığı 38 matçın 21-də qol buraxmayıb. Bütövlükdə isə o, mövsüm ərzində cəmi 23 qol buraxıb.

Xatırladaq ki, “Milan”ın öz qapıçısı Canluici Donnarummayla yollarını ayırmasından sonra yeni qolkiperin transferi gözlənilən idi.