“Milan” Mayk Menyan və Teo Ernandesi satır? – Rəsmi açıqlama

“Milan”ın baş direktoru Corco Furlani qapıçı Mayk Menyan və sol cinah müdafiəçisi Teo Ernandesin mümkün satışı haqda şayiələri cavablayıb.

Arena.az “Bloomberg” dərgisinə istinadən, Furlaninin bu barədə açıqlamasını təqdim edir:

“Məqsədimiz – hər il İtaliya çempionluğu uğrunda mübarizə aparmaq və Çempionlar Liqasında rəqabətəqadir olmaqdır. Biz bunu edir və eyni zamanda biznesi davamlı surətdə idarə edirik. Ötən il klubumuz son 17 ildə ilk dəfə gəlirli oldu.

Bu il, müvafiq baxımdan ardıcıl ikinci il oldu. Düşünmürəm ki, “Milan” nə vaxtsa iki il dalbadal qazanclı olub. Bu, o deməkdir ki, pul çatışmazlığı səbəbindən futbolçu satmaq məcburiyyətində deyilik. Bizə heç kimi satmaq gərək deyil. Bir azarkeş kimi deyirəm ki, bundan narahat olmağa dəyməz (Menyan və Ernandesin satışı haqda şayiələrə cavab olaraq – redaktorun qeydi)”, – Furlani vurğulayıb.

Xatırladaq ki, daha əvvəl mətbuatda, “Real”ın Teo Ernandesin xidmətində maraqlı olduğu barədə məlumat yayılmışdı. PSJ isə Menyana maraq göstərir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: