Milan Şkrinyar rəsmən PSJ-də!

Bu yay İtaliyanın “İnter” klubundan ayrılan Slovakiya millisinin mərkəz müdafiəçisi Milan Şkrinyar Fransa çempionu PSJ-yə keçib.

Arena.az bu barədə Paris klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

28 yaşlı futbolçu yeni klubu ilə 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb. O, “İnter”dən azad agent kimi ayrıldığı üçün PSJ-ni əlavə xərcə salmayıb.

Milan Şkrinyar 2017-ci ilin yayından “İnter”də çıxış edirdi. O, bu komanda ilə 5 kubok qazanıb: 1 skudetto, 2 İtaliya Kuboku və 2 İtaliya Super Kuboku. 2022/2023 mövsümündə Şkrinyar “neradzurri”nin heyətində 31 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. Şkrinyarın 6 illik “İnter” karyerasının ümumi nəticəsi belədir: 246 oyun, 11 qol, 5 məhsuldar ötürmə.

Şkrinyar karyerası ərzində “Jilina” (93 oyun, 13 qol, 2 assist), “Sampdoriya” (38 oyun), “ViOn” (7 oyun) kimi klublarda da forma geyinib. O, Slovakiya milli komandasında da 58 oyun keçirib, 3 qola imza atıb.

“Transfermarkt” internet-portalı Milan Şkrinyarı 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: