İngiltərə milli komandasının və İtaliyanın “Milan” klubunun mərkəz müdafiəçisi Fikayo Tomori uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Tomori A Seriyasının 17-ci turu çərçivəsində baş tutan Salernitana ilə səfər oyununda (2:2) sağ budunun biseps əzələsini zədələyib. Bu üzdən də o, təxminən iki ay yaşıl meydanlardan kənarda qalacaq.
Fikayo Tomori 2021-ci ilin yayında “Çelsi”dən 28.8 milyon avro qarşılığında “Milan”a keçib. O, daha öncə icarə əsasında da oynadığı bu komandada bütövlükdə 129 matça çıxıb. Müdafiəçi bu matçlarda 6 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Futbolçunun “Milan”la 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş müqaviləsi var.
İngiltərə yığmasının da üzvü olan 26 yaşlı mərkəz müdafiəçisi əvvəllər “Çelsi”dən başqa “Brayton”, “Hall Siti” və “Derbi Kaunti”nin də uğurları üçün çalışıb. O, millidə cəmi 5 oyun keçirib.


