“Milan”ın 20 yaşlı hücumçusu İsveçdə itkin düşüb

İsveçin “Norrçöpinq” komandasında icarə əsasında çıxış edən “Milan”ın isveçli mərkəz hücumçusu Emil Robak izsiz-tozsuz itkin düşüb.

Arena.az bu barədə “Corriere della Sera” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, 20 yaşlı hücumçudan artıq 14 gündür ki, səs-soraq yoxdur. “Norrçöpinq” nümayəndələri və ailə üzvləri gənc futbolçunun başına nə gəldiyini bilmirlər. Robak iki həftədir ki, komandanın məşqlərində iştirak etmir. Emil komanda yoldaşlarına məşqləqdə iştirak edə bilməyəcəyi haqda da öncədən xəbərdarlıq etməyib.

Bildirilir ki, “Norrçöpinq”in idman direktoru, Robakla əlaqə saxlamağa çalışsa da, futbolçu qarşı tərəflə əlaqəyə çıxmayıb. Hazırda yerli mətbuatda futbolçunun yoxa çıxması ilə bağlı müxtəlif səpgili xəbərlər yayılır.

Emil Robak 2020-ci ildən “Milan” klub sistemindədir. Robak “Norrçöpinq”ə cari ilin martında icarə əsasında qoşulub və İsveç klubu ilə müqaviləsi cari ilin noyabr ayının sonuna qədər qüvvədədir. Robak geridə qalmış 2022/2023 mövsümündə “Norrçöpinq”in heyətində 3 oyunda 26 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Emil cari mövsümdə heç bir oyunda iştirak etməyib.

Emil Robak İsveçin U-16, U-17, U-19 yığmalarında çıxış edib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Emil Robakı 200 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: