“Milan”ın müdafiəçisi Pyer Kalulu 4 ay futbolsuz qalacaq

“Milan” fransalı mərkəz müdafiəçisi Pyer Kalulu uğurlu cərrahi əməliyyat keçirib və 4 ay yaşıl meydanlardan kənarda qalmalı olacaq.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Milan” təsdiq edə bilər ki, Pyer Kalulu bu gün sol düz bud vətərinin tam qopmasını bərpa etmək üçün əməliyyat edilib. Finlandiyada professor Lasse Lempaynen tərəfindən “Milan” tibbi qrupunun rəhbəri Stefano Mazzoninin iştirakı ilə həyata keçirilmiş əməliyyat tam uğurla başa çatıb. Onun gözlənilən sağalma müddəti təxminən 4 aydır”, – “rossoneri”nin mətbuat xidməti bildirib.

Kalulu “Milan”a 2020-ci ilin sentyabrında 1,29 milyon avro müqavilində Lion “Olimpik”indən keçib. Fransalı müdafiəçinin indiki klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kalulu ümumilikdə “Milan” üçün 106 oyuna çıxıb 3 qol və eyni sayda məhsuldar ötürməyə imza atıb. Cari mövsümdə Kalulu “rossoneri”nin heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 5 oyun keçirib.

Müdafiəçi “Milan”la 2021/2022 mövsümü A Seriyasının qalibi olub.

Kalulu Fransanın U-18, U-19, U-20, U-21, U-23 yığmalarında, həmçinin “xoruzlar”ın Olimpiya komandasında iştirak təcrübəsinə malikdir. Kalulu Fransanın əsas yığmasına çağırış almayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı Pyer Kalulunu 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: