“Real”ın braziliyalı mərkəz müdafiəçisi Eder Militaonu irqi təhqir etməkdə şübhəli bilinən “Valensiya” azarkeşi təqsirini etiraf etmir.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Bildirilir ki, oktyabrın 30-da “Valensiya” azarkeşi ifadə vermək üçün məhkəməyə gəlib. Azarkeş etiraf edib ki, futbolçunun diqqətini cəlb etmək üçün Militaoya müəyyən jestlər edib, amma təqsirləndirilən şəxs bu jestlərin irqi təhqir və ya söyüşləri nəzərdə tutduğunu inkar edib.
Xatırladaq ki, hadisə İspaniya çempionatının son mövsümündə “qaymaqlılar”ın “Valensiya”ya 0:1 hesabı ilə məğlub olduğu oyunda baş verib. Əvvəlcə “yarasalar”ın bir neçə azarkeşi yalnız madridlilərin braziliyalı vingeri Vinisius Junioru irqi təhqir etməkdə ittiham edilirdi. Bununla belə, işi diqqətlə araşdıran müstəntiqlər Militaoya qarşı irqi söyüşlərin də istifadə edilə biləcəyini təsdiqləyiblər. Məhkəmə davam edir.
Vurğulayaq ki, Vinisus ötən mövsüm “Mestalya”da “Valensiya” ilə oyunda irqçi təhqirlərlə üzəlşdikdən sonra, bu fəsadla mübarizə istiqamətində bütün imkanlarını səfərbər edərək, müvafiq hallara qarşı xüsusi tədbirlərə başlamış, əlaqədar futbol və hökumət qurumlarını bu işdə qüvvələrini birşdirməyə sövq etmişdi. “Vinni” bu məsələdə qəti barışmaz mövqe nümayiş etdirir və güzəştsizdir. İrqçiliyin geniş vüsət aldığı La Liqada braziliyalı futbolçu bu fəsadla yorulmadan mübarizədə geniş sosial-ictimai fəaliyyəti ilə diqqət çəkir.


