Millimizlə matçda zədələnən Adrien Rabyo 1 ay oynamayacaq

Futbol üzrə Fransa yığmasının və İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Adrien Rabyo zədə səbəbindən bir müddət oynamayacaq.

Arena.az bu barədə İtaliya mətbuatına istinadən xəbər verir.

“Milan”ın futbolçusu Fransa millisinin düşərgəsindən zədəli qayıdıb. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində doğma meydanda Azərbaycan millisinə 3:0 hesabıyla qalib gəldikləri matçda zədələnmiş və yığmanın düşərgəsini erkən tərk etmək məcburiyyətində qalmışdı. Ətraflı müayinələrdən sonra 30 yaşlı futbolçunun sol ayağının baldır əzələsində zədə aşkarlanıb. Yarımmüdafiəçi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Sağalma prosesi uzanarsa, Rabyo təxminən bir ay oynamayacaq. O, 10 gün sonra təkrar testlərdən keçəcək.

Massimiliano Alleqrinin komandası oktyabrın 19-da A Seriyasının 7-ci turunda evdə “Fiorentina” ilə qarşılaşacaq. “Qırmızı-qaralar” hazırda İtaliya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb və “Napoli” ilə “Roma”dan 2 xal geri qalır.

Xatırladaq ki, Adrien Rabyo bu ilin yayında Fransanın “Olimpik” (Marsel) klubundan 7 milyon avro müqabilində “Milan”a keçib. 30 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.

Rabyo böyük futbolda PSJ-nin heyətində debüt edib. O, bir müddət “Tuluza”da icarə əsasında çıxış edib. Fransalı futbolçu 2019-cu ilin iyulunda PSJ-dən azad agent qismində “Yuventus”a keçib. 2024-cü ilin yayında İtaliya klubundan ayrılan yarımmüdafiəçi Marsel “Olimpik”inə üz tutmuşdu.

Rabyo “Milan”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Adrien Rabyo 2016-cı ilin noyabrında debüt etdiyi Fransa yığmasının heyətində 56 oyun keçirib, 7 qol vurub, 3 məhsuldar ötürmə verib.

Adrien Rabyonun qənimətlər muzeyində PSJ ilə qazandığı 6 Fransa Liqa 1 çempionluğu, 4 Fransa Kuboku, 5 Fransa Liqa Kuboku, 4 Fransa Super Kuboku, həmçinin “Yuventus”la İtaliya A Seriyası çempionluğu, 2 İtaliya Kuboku, İtaliya Super Kuboku var.

Rabyo “xoruzlar”la 2021-ci il UEFA Millətlər Liqasını qazanıb və Qətərdə keçirilmiş 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı Rabyonun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: