Misir millisində Məhəmməd Salah şoku

Futbol üzrə Misir milli komandasının kapitanı, İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah zədələnib.

Arena.az xəbər verir ki, o, hazırda Kot-d’İvuarda keçirilən Afrika Millətlər Kubokunda iştirak edən Misir yığmasının heyətində sıradan çıxıb.

Bu barədə Misir Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Afrika Millətlər Kubokunun qrup mərhələsinin Qana millisinə qarşı oyununda zədələnərək matçı tərk etmiş hücumçuya əzələ dartılması diaqnozu qoyulub. Salah qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutacaq Kabo Verde ilə oyunu buraxacaq. Həmçinin, Misir millisi 1/8 finala çıxarsa, “qırmızılar”ın hücumçusu bu matçı da buraxmalı olacaq.

Xatırladaq ki, Salah hazırkı Afrika Millətlər Kubokunda bir qol vurub və bir məhsuldar ötürmə edib.

Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi Salahın “Roma”dan transferi üçün 42 milyon avro məbləğində xərc çəkib. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Salah “qırmızılar”ın heyətində bütün yarışlarda 27 oyuna 18 qol vurub, 9 məhsuldar ötürmə verib. Salahın “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 332 oyun, 204 qol, 88 məhsuldar ötürmə.

Misirli hücumçu “Liverpul”la bütün mümkün ali klub turnirlərinin qalibi olub. O, “Liverpul” və “Roma”dan öncə “Bazel”, “Əl-Mukavlun”, “Fiorentina” və “Çelsi” kimi klubların da şərəfini qoruyub.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasında 96 oyun keçirib, 54 qol vurub, 31 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: