Futbol üzrə Kanada millisinin və “Kolorado” klubunun mərkəz müdafiəçisi Moiz Bombito bundan sonra “Nitsa”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən məlumat verir.
“Nitsa” bu transfer üçün Amerika Birləşmiş Ştatları klubuna 7 milyon avro ödəyib. 24 yaşlı kanadalı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Moiz Bombito 2022-ci ilin dekabr ayından “Kolorado”nun formasını geyinirdi. O, MLS təmsilçisinin heyətində 34 oyuna çıxıb, 2 qola imza atıb.
Bombito 2023-cü ilin iyun ayında Kanada yığmasında debüt matçına çıxıb. O, millinin heyətində 12 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

“Nitsa” vaxtilə intihara cəhd etmiş fransalı dayaq yarımmüdafiəçisi Aleksis Beka Beka ilə də yollarını ayırıb. 23 yaşlı dayaq yarımmüdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.“Nitsa” ilə Beka Beka arasında müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olan müqavilə vardı.
“Kan” klubunun yetirməsi olan konqoəsilli fransalı futbolçu “Nitsa”ya 2022-ci ilin avqustunda 12 milyon avro müqabilində Moskva “Lokomotiv”indən keçmişdi. Dayaq yarımmüdafiəçisi Fransa klubunun heyətində cəmi 22 oyuna çıxıb, 1 qol vurub. “Dayaqçı” ötən mövsüm heç bir oyun keçirməyib.
Aleksis Fransanın Olimpiya yığmasına, həmçinin aşağı yaş qrupları üzrə bütün yığmalarına – U-17, U-18, U-19, U-20, U-21, U-23 – dəvət alıb. Beka Beka U-20 və U-21 yığmalarında oyun keçirməyib, amma digər kollektivlərin heyətində oyun təcrübəsi var. “Dayaqçı” “xoruzlar”ın əsas yığmasında hələ debüt etməyib.
Həmçinin yarımmüdafiəçi futbolda hələlik heç bir qənimət qazanmayıb.