Fransa Liqa 1-də mübarizə aparan “Monako” ispaniyalı hücumçu Ansu Fatinin transfer hüquqlarını “Barselona”dan tam alıb.
Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.
Ötən mövsümü icarə əsasında “Monako”da keçirmiş 23 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
“Barselona” Fatinin satışından 11 milyon avro qazanıb.
“Barselona”nın yetirməsi olan Fati əsas komandada keçirdiyi 123 oyunda 29 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, Kataloniya klubunun heyətində iki dəfə İspaniya çempionu, iki dəfə İspaniya kubokunun, bir dəfə isə İspaniya Super Kubokunun qalibi olub.
Ötən mövsüm “Monako”nun formasında çıxış etmiş hücumçu bütün turnirlərdə 30 matçda 12 qol vuraraq komandanın önəmli oyunçularından birinə çevrilib. Məhz bu performansdan sonra knyazlıq təmsilçisi onun transfer hüquqlarını birdəfəlik almaq qərarına gəlib.
Ansu Fati İspaniya millisinin heyətində də 10 oyun keçirib. O, bu qarşılaşmalarda 2 qol vurub, 1 məhsuldar ötürmə edib və 2023-cü ildə UEFA Millətlər Liqasının qalibi olan heyətdə yer alıb.


