“Monako” Corc İlenixenanı heyətinə qatdı – 17 milyon avroya

“Monako” nigeriyaəsilli fransalı hücumçu Corc İlenixenanı “Antverpen”dən tamhüquqlu transfer əsasında öz heyətinə qatıb.

Arena.az bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.

Transfer Knyazlıq klubuna 17 milyon avro məbləğində başa gəlib. Müqavilə müddəti haqda məlumat isə hələ açıqlanmayıb.

“Mark van Bommelin rəhbərliyi altında sol cinah oyunçusu ona olan ümidləri doğruldub. Qapı qarşısında bacarıqlı, sürətli və güclü oyunçu, “Antverpen” üçün 50 oyunda 14 qol vurub və özünü klubun ikinci ən sərrast futbolçusu olaraq göstərib.

Onun istedadı ona 17 yaş 74 günlüyündə Belçika çempionatında ardıcıl iki oyunda qol vurmuş ən gənc oyunçu olaraq, Romelu Lukakunun izi ilə getməyə imkan verib”, – “Monako”nun İlenixenanın keçidi ilə bağlı bəyanatında deyilir.

Corc İlenixena “Amyen”in yetirməsidir. Fransalı hücumçu karyerası ərzində “Antverpen”də oynayıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə İlenixena “Antverpen”in heyətində bütün yarışlarda, artıq məlum olduğu kimi, 50 oyuna 14 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Corc İlenixena milli yığma komanda karyerasına hələ başlamayıb. Futbolçu doğma vətəni Nigeriya və vətəndaşı olduğu Fransa arasında seçim hüququna malikdir.

Corc İlenixenanın qənimətlər muzeyində “Antverpen”lə 2023/2024-cü illər mövsümündə qazandığı Belçika Super Kuboku var.

“Transfermarkt” internet-portalı 17 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: