Moratti: “İnter”də Lukaku kimi oyunçular olmasalar yaxşıdır”

“İnter”in sabiq prezidenti Massimo Moratti belçikalı hücumçu Romelu Lukakunun “Çelsi”dən “Yuventus”a mümkün keçidi haqda danışıb.

Arena.az “La Gazzetta dello Sport”a istinadən Morattinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Edin Dzeko kimi əntiqə mərkəz hücumçusu getdi və onu əvəz etmək asan olmayacaq. Mən Lukakunu qəsdən xatırlatmadım. Onun digər klublarla danışıqlar apardığı məqamda verdiyi vədlər xoşuma gəlmədi. İxtiyari “İnter” azarkeşi kimi, bu, mənim də xoşuma gəlmədi. Onun münasibətindən çox məyus oldum. “İnter”də belə oyunçuların olmaması daha yaxşıdır”, deyə Moratti bildirib.

Geridə qalmış 2022/2023 mövsümündə Lukaku icarə əsasında “İnter”də çıxış edib. Belçikalı hücumçu “neradzurri”nin heyətində 37 oyununa çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 30 yaşlı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “İnter”in Lukakunu “Çelsi”dən transfer etməyə çalışdığı bir məqamda, belçikalı hücumçunun “neradzurri”nin əzəli rəqibi “Yuventus”la danışıqlar apardığı ortaya çıxıb. Hiddətlənmiş “İnter” rəhbərliyi bu davranışının müqabilində Lukaku ilə əməkdaşlığına bilmərrə xitam verdiyini bəyan edib. “İnter” azarkeşləri də Lukakuya qəzəbini gizlətməyiblər. Öz növbəsində Lukaku “İnter”in baş məşqçisi Simone İnzaqidən gileylənərək, italyan mütəxəssisin həlledici oyunlarda ona etimad göstərmədiyini əsas gətirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: