“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray”ın vaxtından əvvəl əldə etdiyi Türkiyə çempionluğunu şərh edib.
Arena.az xəbər verir ki, “cim-bom” 36-cı turda “Kayserispor” üzərində 3:0 hesablı qələbə ilə çempionluğu təmin edib.
Bu oyunda xüsusilə diqqət çəkən məqamlardan biri komandanın qapıçısı Fernando Musleranın penalti zərbəsini yerinə yetirməsi olub. Bu, həm matçın üçüncü qolu, həm də ehtimal ki, Musleranın klubdakı son məhsuldar toxunuşu kimi tarixə düşüb.
Mourinyo bu hadisə ilə bağlı “Hürriyet” nəşrinə açıqlamasında rəqib komanda ilə bağlı sərt sözlər söyləyib:
“Komandanın çempionluğu necə qeyd etməsi onun daxili vəziyyəti haqqında çox şey deyir. Azarkeşlər bir yana, amma klubun özü hərəkətləri ilə öz simasını göstərir. 2:0 hesabı ilə öndə olduqları anda qapıçılarına penalti vurmaq imkanı vermələri onların insanlıq səviyyəsini əla şəkildə nümayiş etdirdi. Bu, onların mövsümboyu göstərdiyi münasibətin əksidir”.
Xatırladaq ki, 2011-ci ildən “Qalatasaray”ın formasını geyinən Muslera mövsümün sonunda klubdan ayrılacaq.
“Qalatasaray” Türkiyə Super Liqasında cari mövsümün başa çatmasına iki tur qalmış “Qalatasaray” 89 xalla vahid liderdir. “Fənərbağça” isə 81 xalla ikinci pillədə qərarlaşıb.


