“Roma”nın sabiq baş məşqçisi Joze Mourinyo hesab edir ki, paytaxt komandasının futbolçuları ona xəyanət ediblər.
Arena.az bu barədə “Il Messaggero” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, portuqal mütəxəssis futbolçuları və klubu tərəfindən satıldığı duyğusu ilə klubdan ayrılıb. “Mour” “Roma” oyunçularının ona bağışladığı Konfrans Liqasının qalibinin üzüyünü özü ilə götürməyib. Portuqal mütəxəssis üzüyü komandanın kapitanı Lorenzo Pelleqrininin dolabına qoyub.
Xatırladaq ki, yanvarın 16-da Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb.
“Mour”un yerinə klubun əfsanəsi, italyan mütəxəssis Daniele De Rossi “canavarlar”a baş məşqçi təyin edilib. Maraqlıdır ki, 40 yaşlı mütəxəssisin təyinatından sonra paytaxt təmsilçisi ardıcıl üç oyundan qalib ayrılıb.
Portuqal mütəxəssis “Roma”nın sükanı arxasına 2021-ci ilin iyulunda gətirilmişdi. “Mour”un “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər idi.
“Canavarlar”a rəhbərliyi müddətində Mourinyo “Roma”nı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.
Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.
Mourun “Roma”a ilə ümumi statistikası belədir: 138 oyun, 68 qələbə, 30 heç-heçə, 40 məğlubiyyət. “Mour”un rəhəbərliyi altında “canavarlar”ın top fərqi isə 215:147 nisbətindədir.
“Mour” karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.


