Moyses Kaysedo rekord məbləğlə “Çelsi”də!

Futbol üzrə Ekvador millisinin və “Brayton”un dayaq yarımmüdafiəçisi Moyses Kaysedo Premyer Liqanın digər təmsilçisi “Çelsi”yə keçib.

Arena.az bu barədə London klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

21 yaşlı Kaysedo “zadəganlar”la 8 illik (2031-ci ilin 30 iyununa kimi) müqavilə imzalayıb. “Zadəganlar”ın “qağayılar”a ödədiyi 116 milyon avroluq transfer məbləği İngiltərə futbolu üçün rekorddur. Bonuslarla bu məbləğin 133,5 milyon avroya çatması da mümkündür.

“Çelsiyə qoşulduğum üçün elə xoşbəxtəm ki! Mən bu böyük klubda olduğum üçün çox şadam. “Çelsi”dən zəng gələndə mənə iki dəfə düşünmək gərək olmadı, sadəcə bu klubla müqavilə bağlamaq istədiyimi bilirdim. Burada olmaq arzum gerçəkləşdi və komanda ilə işə başlamaq intizarındayam”, deyə Kaysedo bildirib.

Xatırladaq ki, “Çelsi” ekvadorlu “dayaqçı”nı transfer etmək üçün “Liverpul”la rəqabətdən qalib ayrılıb.

Geridə qalmış 2022/2023 mövsümündə Moyses Kaysedo “Brayton”un heyətində 43 oyuna çıxıb, 1 qol vurub, eyni sayda məhsuldar ötürmə verib. O, bu kluba 2021-ci ilin fevralında yetirməsi olduğu Ekvadorun “İndependyente del Valye” komandasından 28,2 milyon avro qarşılığında keçmişdi. Gənc futbolçu Premyer Liqa təmsilçisində ümumilikdə 53 matça çıxıb, 2 qol və 3 assistlə yadda qalıb. Kaysedo “Brayton”da olarkən qısa müddət (2021/2022 mövsümündə) Belçikanın “Beersxot” klubunda icarədə də olub.

Kaysedo 2020-ci ilin oktyabrında debüt etdiyi Ekvador yığmasında 32 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

“Brayton” sol cinah müdafiəçisi Mixal Karbovniki də Almaniyanın “Herta” klubuna satıb. İngiltərə klubu bu satışdan da 2,5 milyon avro qazanıb. Baxmayaraq ki, Premyer Liqa təmsilçisi 2020-ci ilin oktyabrına onu Varşava “Legiya”sından 3,9 milyon avroya almışdı. Polşa yığmasında 4 oyun keçirmiş 22 yaşlı futbolçu “Fortuna” (Düsseldorf), “Olimpiakos” kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: