Futbol üzrə İtaliya yığmasının və “Yuventus”un hücumçusu Moyze Kin bundan sonra “Fiorentina”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Florensiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Futbolçu tibbi müayinələrdən də uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Amma tərəflərin neçə illik anlaşdığı açıqlanmır.
İtaliya mətbuatının yazdığına görə, “Fiorentina” bu transfer üçün “Yuventus”a 13 milyon avro ödəyib. Bonuslarla birlikdə bu məbləğin 18 milyon avroya çatacağı gözlənilir.
Xatırladaq ki, Moyze Kin “Yuventus”un öz yetirməsidir. O, peşəkar karyerasına da məhz bu komandada başlayıb. Turinlilər 2017/18 mövsümündə “Verona”ya icarəyə verdikləri gənc forvardı 2019-cu ildə “Everton”a satmışdılar. Ötən ilin yayında isə Turin klubu Premyer Liqa təmsilçisinə 30 milyon avro ödəməklə Kini yenidən heyətinə qatmışdı.
İtaliyalı hücumçu “Yuventus”un heyətində bütövlükdə 123 oyuna çıxıb, 22 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində PSJ, “Everton” və “Verona”nın da uğurları üçün çalışıb.
2018-ci ildən İtaliya yığmasına da dəvət alan hücumçu, millidə 15 oyun keçirib, 4 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.
Moyze Kini satan “Yuventus” heyətinə yeni oyunçu da cəlb edib. Turin klubu A Seriyasının digər təmsilçisi “Montsa”dan qapıçı Mikele Di Qreqorionu icarəyə götürüb. 26 yaşlı italyan qolkiperin bir mövsümlük icarəsi üçün 4,5 milyon avro ödəyəcək turinlilər gələn yay 14,3 milyon avro da ödəməklə qapıçının transfer hüquqlarına yiyələnə bilərlər.
Mikele Di Qreqorio “İnter”in yetirməsidir. O, karyerası ərzində “Renate”, “Novara”, “Pordenone” kimi klubların da formasını geyinib. 2020-ci ildən “Montsa”da olan qapıçı bu komandada 144 oyuna çıxıb, 160 qol buraxıb, 53 matçda qapısını toxunulmaz saxlayıb.


