Murat Yakın: “Avropa çempionatından başıuca ayrılırıq”

İsveçrə millisinin baş məşqçisi Murat Yakın AÇ-2024-ün 1/4 final mərhələsində İngiltərə yığması ilə oyunu şərh edib.

Arena.az xatırladır ki, İsveçrə yığması əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış oyunun penaltilər silsiləsində İngiltərə yığmasına 3:5 hesabı ilə məğlub olub.

“Bizi incidir. Biz bu qədər səy göstərdik, bu qədər imkan yaratdıq… Uşaqlara və bütün ölkəyə acıyıram. İngiltərə yığmasının fürsətləri çox olmadı, biz özümüz isə az fürsət yaratmadıq. Biz evə getməyə layiq deyilik, amma özümüzlə həqiqətən fəxr edə bilərik. Bu gün imkanlarımız kifayət etmədiyi üçün məğlub olduq. Penaltilər silsiləsi bəxt işidir, o isə bizi tərk etdi. Böyük komandalara çox fəsadlar yaratdıq, ona görə də yarışdan başımız uca ayrılırıq”, – UEFA-nın mətbuat xidməti türkəsilli isveçrəli mütəxəssisdən sitat gətirir.

Beləliklə, İsveçrə yığması AÇ-2024-də bir məğlubiyyət belə, almadan mübarizəsinə xitam verərək, evə qayıdır. İngiltərə yığması isə yarışın yarımfinal mərhələsində Niderland yığması ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: