“Real”ın kapitanı Naço Fernandes La Liqanın 8-ci turunda “Jirona” ilə matçdakı (3:0) qayda pozuntusuna görə 3 oyunluq cəzalandırılıb.
Arena.az bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmi saytına istinadən məlumat verir.
Oyuna əlavə edilmiş təzminat dəqiqələrində Naço “Jirona”nın yatımmüdafiəçisi Portuya açıq ayaqla kobud surətdə sürüşmə fəndi tətbiq edərək, onu xəstəxanalıq edib. Hakim Naçoya təhlükəli oyunu müqabilində birbaşa qırmızı vərəqə göstərib. Hospitala çatdırılan Portunun hazırda özünü yaxşı hiss etməsinə rəğmən, ciddi zədə aldığı bildirilir. Belə ki, futbolçunun bel və baldır hissələrində problemlər müşahidə edilir.
İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi rəqibin zədələnməsi ilə müşayiət edilmiş təhlükəli oyuna görə “Real”ın kapitanını 3 oyunluq cəzalandırıb. Bununla yanaşı, “qəhrəmanımız”a 600 min avro pul cəriməsi də kəsilib. Naçonun kobudluğu “Real”a da baha başa gəlib. Belə ki, “Kral klubu” 1,05 min avro pul cəriməsi ödəməli olacaq.
Beləliklə, Naço İspaniya La Liqasının 11-ci turu çərçivəsində “Barselona” ilə oktyabrın 28-də baş tutacaq prinsipial oyunu buraxacaq. Naço həmçinin “Osasuna” (7 oktyabr) və “Sevilya” (21 oktyabr) ilə də oynları tamaşaçı qismində izləyəcək.
Bu arada jurnalist Nil Sola “Real”ın prezidenti Florentino Peresin şəxsən yarımmüdafiəçi Portuya zəng edərək, onun səhəti ilə maraqlandığı və Naçonun kobud oyununa görə Portudan üzr istədiyi haqda məlumat yayıb.
Naço Fernandes “Real”ın yetirməsidir. O, bu komandanın heyətində 327 oyun keçirib, 16 qol vurub, 9 məhsuldar ötürmə verib və 23 kubok qazanıb. O, bu müddət ərzində 5 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun, 3 dəfə İspaniya La Liqasının, 5 dəfə klublararası dünya çempionatının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun qalibi olub.


