Futbol üzrə İspaniya milli komandasının da üzvü olan Naço Fernandes Madrid “Real”ı ilə müqaviləsinin müddətini uzadıb.
Arena.az bu barədə “kral klubu”nun rəsmi bəyənatına istinadən xəbər verir.
Madrid klubu 33 yaşlı futbolçusu ilə müqaviləsinin 2024-cü ilə qədər uzadıldığını rəsmən açıqlayıb.
Naço Fernandes “Real”ın yetirməsidir. Əsas heyətin daimi oyunçusu olmasa da, madridlilərin sırasında daim döyüşə hazır vəziyyətdə olub və bütün karyerasını Madrid klubunda keçirib. Ümumilikdə Naço “Real”ın heyətində 319 oyun keçirib, 16 qol vurub, 9 məhsuldar ötürmə verib və 23 kubok qazanıb. O, bu müddət ərzində 5 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun, 3 dəfə İspaniya La Liqasının, 5 dəfə klublararası dünya çempionatının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun qalibi olub.
Qarşıdakı mövsümdə Naçoya “Real”ın kapitan sarğısını daşımaq həvalə olunub.
“Transfermarkt” internet-portalı Naço Fernandesi 6 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, “Real” bir neçə gün öncə digər təcrübəli yarımmüdafiəçisi Toni Kroosun da müqaviləsinin müddətini artırmışdı.


