Argentina millisinin və Madrid “Atletiko”sunun sağ cinah müdafiəçisi Nahuel Molina bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Tərəflər arasında müqavilə 2030-cu ilin 30 iyununadək nəzərdə tutulub. “Roma” bu transfer üçün “Atletiko”ya 13 milyon avro ödəyib.
Molina 2022-ci ilin yayından “Atletiko”nun formasını geyinirdi. Müdafiəçi Madrid klubunda keçirdiyi müddətdə 181 oyuna çıxıb, 9 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Molina daha əvvəl də A Seriyasında çıxış edib. O, “Atletiko”ya keçməzdən əvvəl iki mövsüm “Udineze”nin formasını geyinib. Bu səbəbdən 28 yaşlı müdafiəçi İtaliya futboluna və çempionatın xüsusiyyətlərinə artıq yaxından bələddir.
Nahuel Molina Argentinanın “Boka Xuniors” klubunun yetirməsidir. O, bu klubda olarkən “Defensa Xustisiya” və “Rosario Sentral”da icarədə oynayıb. Müdafiəçi 2020-ci ilin sentyabrından “Atletiko”ya keçənə qədər “Udineze”də çıxış edib.
Futbolçu 2021-ci ildə debüt etdiyi Argentina yığmasında 65 oyun keçirib, 1 qol vurub, 5 assist müəllifi olub.
“Transfermarkt” portalı Molinanın hazırkı bazar dəyərini 15 milyon avro qiymətləndirir.


