Fransanın “Nant” klubu heyətini yeni futbolçularla gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi yarımmüdafiəçi Floran Molle ilə sol cinah müdafiəçisi Jauen Hadjamı heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniyanın “Şalke” klubundan transfer olunan Floran Molle ilə 2025-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. Liqa 1 klubu Fransadan olan 31 yaşlı futbolçunun transferi üçün Almaniya klubuna 1.5 milyon avro ödəyib.
Floran Molle “Dijon”un yetirməsidir. O, “Kretey”, “Mets” və “Monpelye”nin də uğurları üçün çalışıb. “Şalke”yə 2022-ci ilin iyul ayında “Monpelye”dən 500 min avro qarşılığında transfer olunmuş futbolçu, Bundesliqada özünü doğrulda bilməyib. Belə ki, o, “Şalke”də 11 oyuna çıxıb və cəmi 1 qol vurub.
Jauen Hadjam isə “Paris”dən 300 min avroya transfer olunub. 19 yaşlı müdafiəçi “Nant” ilə 2027-ci ilin 30 iyununa kimi müqavilə imzalayıb.
Jauen “Paris”in öz yetirməsidir. O, paytaxt təmsilçisinin əsas komandasında 44 oyun keçirib və 1 qol vurub. Hazırda Fransanın U-20 yığmasına dəvət alan müdafiəçi, əvvəllər U-17 və U-19-da da forma geyinib.
Sonda onu da qeyd edək ki, Molle yeni komandasında 25, Hadjam isə 26 nömrəli formanı geyinəcəklər.



