Fransanın “Nant” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Liqa 1 təmsilçisi “Lans”da çıxış edən İqnatius Qanaqonu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kamerundan olan 23 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. “Nant” bu transfer üçün “Lans”a 4.4 milyon avro ödəyib. Futbolçunun bu komandada 14 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
İqnatius Qanaqo Fransanın “Nitsa” klubunun yetirməsidir. O, 2020-ci ildən “Lans”da çıxış edirdi. Kamerunlu forvard bu komandanın heyətində meydana çıxdığı 57 oyunda 13 qol vurub. Gənc futbolçu Kamerun yığmasında da 11 oyun keçirib, lakin qol hesabını aça bilməyib.
“Qarabağ”ın “Nant”la ilk oyunu sentyabrın 15-də Bakıda baş tutacaq. Tərəflər arasındakı ikinci oyun isə oktyabrın 27-də səfərdə olacaq.


