İtaliya A Seriyasında uğurlu mövsüm keçirən “Napoli” klubu iki futbolçusunu icarəyə göndərib. Arena.az xəbər verir ki, Neapol təmsilçisi qapıçısı Nikita Kontinini “Recina”ya, hücumçusu Cüzeppe Ambrozinonu isə “Çittadella”ya icarəyə verib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki oyunçunun 2023-cü ilin 30 iyununa qədər icarədə oynayacağı diqqətə çatdırılıb.
Ukraynadan olan Nikita Kontini “Napoli”nin öz yetirməsidir. O, 2008-ci ildən bu klubdadır. Lakin Neapol təmsilçisi 26 yaşlı qolkiperə indiyə qədər əsas komandada oynamaq şansı yaratmayıb. Əvəzində o, SPAL, “Karrareze”, “Taranto”, “Pontedera”, “Syena”, “Virtus Entella”, “Krotone”, “Viçensta” və “Sampdoriya” kimi klublara icarəyə verilib.
Cüzeppe Ambrozino da “Napoli”nin yetirməsidir. İtaliyadan olan 19 yaşlı forvard da hələ Neapol təmsilçisinin əsas komandasında oyun keçirməyib. O, bu mövsümün ilk dövrəsini “Komo”da icarədə keçirib.


