“Napoli”də 2 yeni müqavilə – Raspadori üçün 26 milyon ödədilər

İtaliya çempionu “Napoli” kapitanı – müdafiəçi Covanni Di Lorentso və hücumçusu Cakomo Raspadori ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Neapol klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

29 yaşlı kapitan 5 illik (2028-ci ilin 30 iyununa qədər) yeni müqaviləyə imza atıb. Onun əvvəlki sözləşməsinin müddəti 2026-cı ilin yayında bitəcəkdi.

Xatırladaq ki, Covanni Di Lorentso 2019-cu ildən “Napoli”nin uğurları üçün çalışır. O, geridə qalan dörd mövsüm ərzində bu komandanın heyətində meydana çıxdığı 184 matçda 13 qolla yadda qalıb. Sağ cinah müdafiəçisi 28 məhsuldar ötürmə ilə də yadda qalıb. O, 28 rəsmi matça çıxdığı İtaliya yığmasında 3 qola imza atıb. Di Lorentso milli ilə Avropa çempionu olub. Futbolçu əvvəllər “Recina”, “Kuneo”, “Matera” və “Empoli” klublarının da formasını geyinib.

Cakomo Raspadori “Sassuolo”nun öz yetirməsidir. “Napoli” onu ötən mövsümün əvvəlində satınalma şərti ilə icarəyə götürmüşdü. Klub bu yay onun transfer hüquqlarını da alıb. Bunun üçün 26 milyon avrosundan keçən İtaliya çempionu 23 yaşlı futbolçu ilə də 5 illik müqavilə bağlayıb.

Cakomo Raspadori 2019-cu ildən əsas komandasında forma geyindiyi “Sassuolo”da 82 oyuna çıxıb, 18 qola imza atıb, 9 assistlə yadda qalıb. O, geridə qalan mövsümdə icarədə oynadığı “Napoli”də isə 33 oyuna 6 qol və 5 assist müəllifi olub, bu komanda ilə İtaliya çempionu olub.

Raspadori İtaliyanın əsas yığmasında da 18 oyuna çıxıb, 5 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: