PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Paris klubunun “Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salaha marağı haqda sualı cavablayıb.
Arena.az jurnalist Florian Plettenberqə istinadən, qətərli iş adamının bu barədə cavabını təqdim edir:
“Bu, doğru deyil. O, fantastik və heyrətamiz oyunçudur, amma sözün düzü, biz onu heç vaxt baxışdan keçirməmişik. Bilirik ki, hər bir klub Salahın onlar üçün oynamasını istərdi, amma bu məlumat isə doğru deyil”, deyə Nasser Əl-Xelaifi vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl mətbuatda, PSJ-nin Salaha ildə təxminən 40 milyon avro məbləğində maaş ödəməyə hazır olduğu barədə məlumat yayılmışdı. Bu məbləğ, eləcə də əlavə üstəliklər sayəsində misirli futbolçunun dünyanın ən ödənişli futbolçularından biri, Avropanın isə ən ödənişli futbolçusu ola biləcəyi vurğulanırdı.
Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi.
Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 20 oyuna 13 qol vurub, 11 məhsuldar ötürmə verib.
Misirli hücumçunun “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 369 oyun, 224 qol, 100 məhsuldar ötürmə.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub. O, “Liverpul” və “Roma”dan başqa, “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub, 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


