Futbol üzrə Niderland millisinin və “Mançester Siti”nin müdafiəçisi Natan Ake bundan sonrakı karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Arena.az xəbər verir ki, “Fənərbağça” təcrübəli futbolçunun transferini rəsmən açıqlayıb.
Klubun yaydığı məlumata görə, 31 yaşlı müdafiəçi ilə razılıq əldə olunub və o, müqaviləyə imza atıb. Hazırda istirahətdə olan Ake məzuniyyətini başa vurduqdan sonra Avstriyada keçiriləcək yay təlim-məşq toplanışında komandaya qoşulacaq.
“Klubumuz Niderland millisinin futbolçusu Natan Ake ilə razılıq əldə edib və onunla müqavilə imzalayıb. DÇ-2026-da çıxış etmiş futbolçu məzuniyyətdən sonra Avstriyadakı hazırlıq düşərgəsində komandaya qoşulacaq”, – deyə “Fənərbağça”nın rəsmi açıqlamasında bildirilib.
Transferin maliyyə detalları, o cümlədən müqavilənin müddəti və ödənilən transfer haqqı hələlik açıqlanmayıb.
Natan Ake son mövsümlərdə “Mançester Siti”nin əsas müdafiəçilərindən biri olub. O, 2025/2026-ci illər mövsümündə bütün turnirlərdə 32 oyunda meydana çıxıb. Akenin “Mançester Siti” karyerası bütövlükdə 177 oyun, 10 qol və 3 assistdən ibarətdir.
Peşəkar karyerası ərzində “Çelsi”, “Bornmut” və “Mançester Siti”nin formasını geyinmiş Ake İngiltərə Premyer Liqasında zəngin təcrübə toplayıb. O, “şəhərlilər”in heyətində dəfələrlə Premyer Liqa çempionu olub, həmçinin UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
Niderland millisinin aparıcı futbolçularından olan müdafiəçi hazırda davam edən DÇ-2026-da da komandasının heyətində çıxış edib. Lakin “narıncılar” 1/16 final mərhələsində Mərakeş millisinə gözlənilmədən məğlub olaraq turnirlə erkən vidalaşıblar.
“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.


