“Neftçi”də Azər Əliyevlə Kilan Lebon da sıradan çıxdılar

“Neftçi”nin daha iki futbolçusu – Azər Əliyevlə Kilan Lebon da Premyer Liqanın 19-cu turunun “Sabah”la oyunundan öncə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, sözügedən oyunçular qarşılaşmadan əvvəl məşq prosesində əzələsini dartıblar. Bu üzdən də onlar bu gün “Sabah”a qarşı keçirəcəkləri oyunu buraxacaqlar. Kilan Lebon və Azər Əliyevin sıraya dönüş tarixləri yaxın günlərdə bəlli olacaq.

Paytaxt təmsilçisində qapıçı Emil Balayevlə yarımmüdafiəçi Reziuan Mirzov da zədədən əziyyət çəkdiyi üçün komandasına kömək edə bilmirlər. Təkrar əməliyyat keçirən Emil Balayev tezliklə bərpa prosesinə başlayacaq. Hazırda Rusiyada olan Reziuan Mirzovun da tezliklə Bakıya qayıtması gözlənilir. Onun da durumu məhz təkrar müayinələrdən sonra bəlli olacaq.

Ataa Caber də Asiya Kubokunda mübarizə aparan Fələstin yığmasının düşərgəsində olduğundan “Neftçi”yə kömək edə bilmir.

Əvəzində son məşqləri zədə səbəbindən buraxmış Qara Qarayev sıraya dönüb. Onun “Sabah”la matçda meydana çıxıb-çıxmamasına məşqçilər korpusu qərar verəcəklər.

Bu gün keçiriləcək “Sabah” – “Neftçi” matçına saat 16:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: