Xorvat mütəxəssis Nenad Belitsa Almaniya Bundesliqasında mübarizə aparan “Union Berlin” komandasının baş məşqçisi təyin edilib.
Arena.az bu barədə Berlin təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
Xatırladaq ki, daha əvvəl “Union Berlin” komandanın uğurlarında müstəsna xidmətlər göstərmiş baş məşqçi Urs Fişerlə yollarını ayırmaq qərarına gəlmişdi. Klub rəhbərliyi isveçrəli mütəxəssislə qarşılıqlı surətdə razılığa gələrək, tərəflər arasındakı müqaviləyə xitam vermişdi. Bu müddətdə isə “Dəmir İttifaq”ı müvəqqəti olaraq alman mütəxəssis Marko Qrote çalışdırırdı.
Nenad Belitsa ilə “Union Berlin”in müqaviləsi bu gün, noyabrın 26-da qüvvəyə minib. Müqavilənin müddəti barədə rəsmi məlumat açıqlanmayıb. Xorvat mütəxəssisin qarşısında komandanı düşdüyü böhrandan çıxarmaqla yanaşı, cari mövsümdə Bundesliqada qalmaq və hazırda çıxış etdiyi avrokuboklarda bacardıqca uzağa getmək tapşırığı qoyulub.
Hazırda “Union Berlin” Budesliqanın 12 turundan sonra 7 xalla sonuncudan əvvəlki, 17-ci pillədə qərarlaşıb. UEFA Çempionlar Liqasında mübarizə aparan berlinlilər “C” qrupunda 4 oyundan sonra 1 xalla qrupun autsayderləridir. Bununla belə, “Union Berlin” həm Çempionlar Liqasının növbəti mərhələsində iştirak və həm də Avropa Liqaya vəsiqə imkanlarını saxlayır. Berlin təmsilçisinə sadəcə qələbələr qazanıb buna nail olmaq qalır.
Belitsa buna qədər Avstiya, İtaliya, Polşa, Xorvatiya və Türkiyədə məşqçilik fəaliyyəti ilə məşğul olub. 52 yaşlı xorvat mütəxəssis “Austriya” (Vyana), “Spetsiya”, “Lex” (Poznan), “Dinamo” (Zaqreb), “Osiek”i çalışdırıb. Belitsanın son iş yeri isə “Trabzonspor” olub.
Xorvat mütəxəssis əsas uğurlarını Zaqreb “Dinamo”su ilə qazanıb. Belitsa “Dinamo”ya Xorvatiya çempionluğunu (2017/2018, 2018/2019), Xorvatiya Kubokunu (2017/2018) və Xorvatiya Super Kubokunu qazandırıb (2018/2019).


