Neymar: “Kilian Mbappe ilə oynamaq cəhənnəm və fəlakətdir”

“Əl-Hilal”ın braziliyalı ulduzu Neymar “Real”ın braziliyalı futbolçuları ilə PSJ-də Kilian Mbappe ilə qarşılıq təcrübəsini müzakirə edib.

Arena.az məlumat verir ki, o, “Real”ın braziliyalı futbolçularına Mbappe ilə oynamağın fəlakət və cəhənnəm olacağını deyib:

“Real”dakı braziliyalılar Neymarla dostdurlar. Neymarla Mbappe arasında həmişə müharibə olub. Neymar braziliyalılara Mbappe haqqında məqalə göndərib və orada onlara Mbappe ilə oynamağın fəlakət olduğunu, bunun cəhənnəm olduğunu bildirib”, – jurnalist Siril Anunanın məlumatında deyilir.

Yeri gəlmişkən, Neymar Fransa nəhəngi PSJ-dən ayrılması ilə bağlı duyğularını paylaşıb. Braziliyalı ulduzun bu barədə fikrini təqdim edirik:

“Futbol – bir sərsəmlikdir. Bu gün klub səndən asılıdır, sabah isə səni heç bir şey deyilsənmiş kimi tullayıb atırlar”, deyə “Ney” bildirib.

Xatırladaq ki, Neymarla Mbappe 2017-2023-cü illərdə PSJ-də çıxış ediblər. Bundan sonra isə ulduz hücumçuların yolları ayrılıb. Braziliyalı ulduz 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Fransalı ulduz isə 2024-cü ilin yayında “Real”a qoşulub.

Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi. Zədədən sağalmış futbolçu tibbi və fiziki testlərdən keçə bilmədiyi üçün bərpasına davam etmək zərurəti ilə üzləşib.

Neymar “Santos”un yetirməsidir. Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.

Təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: