“Əl-Hilal”ın braziliyalı superulduzu, hücumçu Neymar Səudiyyə Ərəbistanı çempionatı haqda fikirlərini paylaşıb.
Arena.az bu barədə “L’Equipe” nəşrinə istinadən məlumat verir.
31 yaşlı oyunçu ötən mövsüm çıxış etdiyi Fransa çempionatının səviyyəsinə də toxunub:
“Futbol Səudiyyə Ərəbistanında da eynidir, top, hər yerdə olduğu kimi yuvarlaqdır. Bu liqaya daxil olan böyük adları nəzərə alsaq, bu çempionatın Liqa 1-dən daha yaxşı olması tamamilə mümkündür. Məşqlər fəal keçir. Mən titulların hərisiyəm, “Əl-Hilal”la qalib gəlmək istəyirəm. Bu, mənim üçün əslində heç nəyi dəyişmir və insanların da nə dediyi önəmli deyil. Onlar deyirdilər ki, Liqa 1-in səviyyəsi aşağıdır, amma məhz orada mən daha çox zərər çəkdim. Bu, maraqlı çempionat olacaq və əminəm ki, siz onu izləyəcəksiniz. Uyğunlaşmaqda çətinlik çəkməyəcəyəm”, deyə Neymar qətiyyətlə əminliyini ifadə edib.
Xatırladaq ki, Neymar cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Ulduz futbolçu uyğunlaşma və hazırllıq çərçivəsində məşqlər edir, həmçinin yüngül zədəsini müalicə etdirir və bu səbəbdən hələ yeni komandasının heyətində debüt etməyib. Tərəflər arasında müqavilə 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Braziliyalı futbolçu geridə qalmış 2022/2023 mövsümündə mütəmadi oalraq zədələrdən əziyyət çəkməsinə rəğmən, PSJ-nin heyətində 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə verib və parislilərlə Fransa çempionatını qazanıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.
Daha əvvəl Neymar müsahibələrinin birində Messi ilə birlikdə PSJ-də “cəhənnəm yaşadıqları”nı bildirmişdi. Fransa nəhəngi ulduz futbolçunun bu ifadəsini xüsusi incəliklə cavablandıraraq, hər iki ulduzun Parisdə qalmaq istəyi haqda məqamı xatırlatmışdı.


