Neymar “Santos”un oyununa getdi, azarkeşlərə müraciət etdi

“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar Paulista Liqasının “Santos”la “Palmeyras” arasında keçirilmiş ilk final oyununu ziyarət edib.

Arena.az bu barədə “Globo Esporte” dərgisinə istinadən məlumat verir.

Ulduz futbolçu onun stadiona gəlişini alqışlarla qarşılayan “Santos” azarkeşlərinə də müraciət edib:

“Mən çox təsirləndim və şadam ki, məni evimdə belə qarşıladılar. Bu, həqiqətən yaxşıdır. Burada oynamaq və bu ab-havanı hiss etmək üçün darıxıram”.

Aprelin 1-də Neymarın 2025-ci ildə, yetirməsi olduğu “Santos”a qayıda biləcəyi haqda məlumat yayılmışdı. Daha əvvəl “Santos” rəhbərliyi bu qayıdışın ancaq zaman məsələsi olduğunu bildirmişdi.

Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Cari mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı vingerin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.

Hazırda ulduz futbolçu dizinin çarpaz bağının yırtığından sonra bərpa prosesi keçir və fiziki formasının bərpası üzrə yüngül məşqlərlə məşğuldur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: