Neymar yaşıl meydanlara qayıtmağa hazırdır

“Əl-Hilal”ın braziliyalı ulduz hücumçusu Neymar zədədən sonra meydana qayıtmağa hazırdır, “Ney” klubla birgə məşqlərini artıq bərpa edib.

Arena.az bu barədə ESPN şəbəkəsinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, sentyabrda məşqçlərini bərpa etmiş Neymar oktyabrın 21-də “Əl-Hilal”ın “Əl-Əyn”ə qarşı oyununda meydana çıxmağa hazırdır.

Vurğulanır ki, Neymarın meydana qayıtması ilə bağlı yekun qərarı klubun baş məşqçisi, portuqal mütəxəssis Jorje Jezus verəcək.

Həmçinin bildirilir ki, yaxın günlərdə Braziliya millisinin baş həkimi Neymarın meydana qayıtmağa hazırlığını qiymətləndirmək üçün Səudiyyə Ərəbistanına yollanacaq. Həkimin rəyi müsbət olarsa, ulduz hücumçu ilə bağlı son qərarı baş məşqçi Jezuş verməli olacaq.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.

Neymar “Santos”un yetirməsidir. Avropada debütü “Barselona” ilə başlamış Neymar daha sonra Kataloniya klubunu öz isətəyi ilə tərk edib. 2023-cü ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra Neymar “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən dəfələrlə bahadır.

Artıq geridə qalmış mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: