Braziliyalı ulduz Neymarın “Barselona”dan PSJ-yə transferi ilə bağlı araşdırmalar çərçivəsində Fransa Maliyyə Nazirliyində axtarış aparılıb.
Arena.az bu barədə “Ekip” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumat görə, Fransa Maliyyə Nazirliyində axtarış bazar ertəsi, yanvarın 15-də keçirilib. Axtarışı korrupsiya və vergi fırıldaqlarına qarşı mübarizə üzrə mərkəzi idarənin polis əməkdaşları həyata keçiriblər. Vurğulanır ki, hüquq-mühafizə orqanları Neymarın 2017-ci ildə “Barselona”dan PSJ-yə transferini araşdırırlar. Köçürmənin vergi qanunlarından yayınmaqla həyata keçirildiyi ilə bağlı şübhələr var. Bu isə dövlətdən xeyli məbləğdə vəsaitin gizlədilməsi deməkdir.
Neymar PSJ-də 6 il keçirdikdən sonra cari ilin yay transfer pəncərəsində “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə Neymar “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı vingerin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


