Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunun “Səbail”lə oyunu “Sumqayıt”ın futbolçusu Nihad Əhmədzadə üçün əlamətdar olub. Arena.az xəbər verir ki, “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada meydana çıxan ən gənc futbolçu ünvanına sahib çıxıb.
Matçın 80-ci dəqiqəsində Todor Todoroskinin əvəzinə meydana daxil olmaqla Azərbaycan çempionatlarında debüt edən Nihad Əhmədzadə, buna 16 yaş 144 günlüyündə nail olub.
Xatırladaq ki, “Sumqayıt”ın tarixində Nihad Əhmədzadədən öncə Səbuhi və Rüfət Abdullazadələr də ən gənc futbolçu ünvanına sahib çıxıblar. Belə ki, 2017/18 mövsümündə Səbuhi Abdullazadə bu komandanın heyətində debüt etməklə Premyer Liqanın tarixinə düşmüşdü. O zaman Səbuhinin 15 yaşı var idi.
Maraqlıdır ki, həmin vaxt da “Sumqayıt”ın baş məşqçisi məhz Samir Abasov idi.


