Dortmund “Borussiya”sının alman mərkəz müdafiəçisi Niklas Züle komandanın heyətində qalmaq üçün 10 kq arıqlayıb.
Arena.az bu barədə “Sky Sport Germany” dərgisinə istinadən məlumat verir.
Züle müvafiq nəticəyə məzuniyyəti müddətində çalışqanlığı ilə nail olub. Əvvəlcə 8 kq arıqlamış Züle ardınca 2 kq da çəki atıb.
110 kq çəkiyə malik futbolçu klub rəhbərliyi ilə ciddi söhbətdən sonra idman forması üzərində işləməyə başlayıb. Bildirilir ki, Zülenin arıqlaması ilə bağlı nəticələri, Niklasın növbəti mövsümdə əsas komandada yer almaq üçün mübarizə aparmağa qadir olduğuna inanan Dortmund klubunun rəhbərliyini heyran edib.
Niklas Züle futbola “Valdorf” klubunda qədəm qoyub. “Frankfurt”, “Darmştadt” və “Hoffenhaym”ın gənclər komandalarında çıxış etmiş futbolçu böyük futbolda “Hoffenhaym”ın heyətində debüt edib. Züle Almaniya nəhəngi “Bayern”in diqqəti çəkib və 5 il – 2017-2022-ci illərdə Münhen klubunda çıxış edib. 2022-ci ilin iyulunda isə Züle azad agent qismində Dortmund “Borussiya”sına qoşulub. Dortmund klubunun alman müdafiəçi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Züle “Borussiya”nın heyətində 31 oyun keçirib, 1 qol vurub.
Niklas Züle 2016-cı ilin avqustunda debüt etdiyi Almaniya yığmasının heyətində 49 oyuna çıxıb, 1 qol vurub. Maraqlıdır ki, Züle bundestimin əsas heyətinə düşmək üçün çox az futbolçunun keçdiyi uzun bir yolu addım-addım gəlib. Belə ki, Züle Almaniyanın U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarında, həmçinin Olimpiya yığmasında (U-23) çıxış edib, pillə-pillə yüksəlib.
Niklas Zülenin qənimətlər muzeyindəki bütün kubokalar “Bayern”in adı ilə bağlıdır: Almaniya Bundesliqası (5 dəfə), Almaniya Kuboku (2 dəfə), Almaniya Super Kuboku (4 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku. Züle Almaniya yığması ilə 2017-ci il FIFA Konfederasiyalar Kubokunun qalibi olub.
“Transfermarkt” internet portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


