Bilbao “Atletik”inin və İspaniya yığmasının vingeri Niko Uilyams böyük ehtimalla yeni mövsümdə “Barselona”nın şərəfini qoruyacaq.
Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir.
21 yaşlı futbolçunun Kataloniya klubu ilə şəxsi müqaviləsinin şərtlərini artıq razılaşdırdığı barədə məlumatlar yayılıb. Vurğulanır ki, mümkün keçidin baş tutması ehtimalı çox yüksəkdir. Hətta Niko Uilyamsın təmsilçisi “Barselona”nın bir çox futbolçusunun yaşadığı ərazidən ev almaq üçün, Kasteldefelsedəki daşınmaz əmlak agentliyi ilə əlaqə saxlayıb.
Digər məlumata görə, hazırda Almaniyadakı Avropa çempionatının final oyununa hazırlaşan Niko Uilyams AÇ-2024 bitəndən sonra bask klubuna qayıdacaq. O, hətta komandası ilə mövsümöncəsi məşqlərdə də iştirak edəcək. Uilyamsın gələcəyi ilə bağlı məsələ avqustun 1-dən gec olmayaraq həllini tapacaq. “Barselona” futbolçu ilə müqavilə imzalamağa qərar verərsə, bu tarixə qədər danışıqlar aparmalı və bütün ödənişi icra etməlidir, əks halda ispan vinger məzunu olduğu “Atletik”in düşərgəsini tərk etməyəcək.
Bu arada İspaniya La Liqasının prezidenti Xavyer Tebas Niko Uilyamsın “Barselona”ya mümkün keçidi ilə bağlı sualı cavablayıb:
“Barselona” həqiqətən də Niko Uilyams müqabilində sərbəstqalma maddəsini ödəməyə yaxındır. 1:1 ölçüsünə cavab verərsə, klub bu məbləği ödəyə biləcək. Klub buna yaxındır. “Barselona”nın dövriyyəsi 1 milyard avro məbləğə yaxındır, ona görə də onlar Uilyamsa iddialılar sırasında ola bilərlər”, deyə Tebas açıqlayıb.
“Barselona”nın keçmiş futbolçusu Andres İnyesta da Niko Uilyamsın “blauqrana”ya mümkün keçidindən danışıb:
“Oyun keyfiyyəti milli komandanın səviyyəsinə uyğundur. Siz təkcə Niko və ya Lamin (Yamal) haqqında deyil, həm də Fabian (Ruis), Rodri, Olmo və istənilən oyunçu haqqında danışa bilərsiniz. Niko klubla da əla mövsüm keçirib, ona görə də onun adı böyük komandalarda hallanacaq. Onun “Barsa”ya keçidi klubu yeni səviyyəyə qaldırardı. Görək, bundan sonra nə olacaq”, deyə İnyesta intizarla bildirib.
İspaniya yığmasının və “Barselona”nın yeniyetmə futbolçusu Lamin Yamal da Niko Uilyamsın “blauqrana”ya mümkün keçidi haqda danışıb:
“Nikonun mümkün keçidi? Mənim bununla heç bir əlaqəm yoxdur. Amma ümidvaram ki, onunla eyni komandada oynaya biləcəyəm”, deyə Yamal bildirib.


