Xorvatiya millisinin hücumçusu Nikola Kaliniç İtaliyanın “Verona” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Kaliniçin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Buna onun başqa kluba keçmək istəməsi səbəb olub.
34 yaşlı hücumçunun yeni klubu da məlumdur. O, bundan sonra Xorvatiyanın “Hayduk” komandasının uğurları üçün çalışacaq.
Xatırladaq ki, Nikola Kaliniç məhz “Hayduk”un yetirməsidir. O, 2005-2009-cu illər aralığında Split təmsilçisinin əsas komandasında çıxış edib. Həmin vaxt o, “İstra 1961” və “Şibenik”də icarədə də oynayıb. 2009-cu ildə Kaliniç İngiltərənin “Blekbern” klubuna transfer olunub. Sonralar “Dnepr”, “Fiorentina”, “Milan”, “Atletiko” (Madrid), “Roma” klublarında da forma geyinib. 2020-ci ildən “Verona”da çıxış edən hücumçu, Xorvatiya yığmasında meydana çıxdığı 42 oyunda 15 qol vurub.


