Nikola Vlaşiç “İnter”lə oyunda huşunu itirib

İtaliya A Seriyasının 9-cu turunda “İnter”lə oyundan (0:3) sonra “Torino”nun hücumameylli yarımmüdafiəçisi Nikola Vlaşiç huşunu itirib.

Arena.az bu barədə “Corriere dello Sport” dərgisinə istinadən məlumat verir.

Final fitindən dərhal sonra Vlasiç huşunu itirərək yıxılıb. Komanda yoldaşları və “İnter” oyunçuları bu mənzərədən dəhşətə gəliblər. Turin komandasının tibb işçiləri təcili surətdə xorvat futbolçuya ilk yardım göstəriblər. Yarımmüdafiəçi ayağa qalxaraq meydanı təkbaşına tərk edib.

Nikola bütün ötən mövsümü icarə əsasında “Torino”da keçirib. Turin klubu cari ilin avqustunda Vlaşiçi “Vest Hem”dən 12,80 milyon avro qarşılığında heyətinə qatıb. Xorvat futbolçunun “Torino” ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Vlaşiç “Torino”nun heyətində 9 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Nikola Vlaşiç 2017-ci ilin may ayında debüt etdiyi Xorvatiya yığmasının heyətində 53 oyuna 7 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 26 yaşlı Nikola Vlaşiçi 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: