Müqavilə ilə İngiltərənin “Vest Hem” klubuna məxsus olan xorvat hücumameylli yarımmüdafiəçi Nikola Vlaşiç “Torino”ya keçib.
Arena.az bu barədə Turin klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Geridə qalmış 2022/2023 mövsümündə Vlaşiç icarə əsasında məhz “Torino”da çıxış edib. Xorvat futbolçu “öküzlər”in heyətində 37 oyuna çıxıb, 5 qol vurub, 8 məhsuldar ötürmə verib. İtaliya klubu bu yay onun transfer hüquqlarını almaq qərarına gəlib. Turinlilər bunun üçün “Vest Hem”ə 12.8 milyon avro ödəyiblər. 27 yaşlı yarımmüdafiəçi “Torino” ilə 4+1 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, “Vest Hem” Vlaşiçi 2021-ci ilin avqustunda Moskva ÇSKA-sından 30 milyon avroya transfer etmişdi. Amma o, bu komandada 31 oyuna cəmi 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Nikola Vlaşiç karyerası ərzində “Hayduk” (Split) və “Everton” kimi klubların da formasını geyinib. O, 2017-ci ildə debüt etdiyi Xorvatiya yığmasının heyətində 51 oyuna çıxıb, 7 qol vurub, 3 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında Xorvatiya yığmasının heyətində 6 oyun keçirib və mundialın bürünc medalını qazanıb.

Vlaşiçi alan “Torino” sol cinah vingeri Maqnus Varminqi də Norveçin “Brann” klubuna satıb. A Seriyası təmsilçisi bu satışdan cəmi 650 min avro qazanıb. 23 yaşlı danimarkalı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. O, 2021-ci ilin yayında 900 min avroya müqavilə bağladığı “Torino”da cəmi 5 matça çıxıb. Varminq ötən mövsümü də “Darmştadt”da icarədə keçirib.
Turin təmsilçisinin digər hücumameyilli yarımmüdafiəçisi Kristofer Horvat da “Keçkemet”ə icarəyə verilib. 21 yaşlı macar futbolçu əvvəlki mövsümləri də “Seged-Çanad” və “Debretsen”də icarədə keçrib. 2020-ci ildən “Torino”da olan yarımmüdafiəçi əsas komandada 1 oyun keçirib.


