“Yuventus”un mərkəz yarımmüdafiəçisi Nikolo Facoli qanunsuz mərc qoyuluşlarında şübhəli bilindiyi üçün hazırda istintaq altındadır.
Arena.az bu barədə “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına əsasən, futbolçunun və bir çox digərlərinin profillərinə daxil ola bilmiş müstəntiqlərin təsdiqlədiyi məlumata görə, Facoli qanunsuz platformalarda mərc qoyuluşları edirmiş. Hazırda iş Turin prokurorlarının əlindədir.
İtaliya Futbol Federasiyasının (FIGC) prokurorluğu da davam edən istintaqdan xəbərdardır: bura avqustun 30-da Facolinin vəkilləri tərəfindən müvafiq hesabat göndərilib. Prokuror Cüzeppe Çine istintaqın gedişini şəxsən yaxından izləyir.
İstintaq Facolinin qeyri-qanuni mərc oyunlarında iştirakını təsdiqləsə, Nikolo 3 il və ya daha çox müddətə diskvalifikasiya şəklində sanksiyalarla üzləşəcək. Buna 25 min avro məbləğindən başlayaraq pul cəriməsi də əlavə edilə bilər.
Nikolo Facoli “Pyaçentsa”, “Kremoneze” və “Yuventus” klublarında yetişib. Nikolo 2021-ci ilin yanvarından turinlilərin əsas komandasında çıxış edir. 2021/2022 mövsümünü Facoli “Kremoneze”də icarədə keçirərək, yenidən “qoca sinyora”nın düşərgəsinə qayıdıb. Facolinin “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Facoli “byankoneri”nin heyətində 6 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. O, Turin təmsilçisində bütövlükdə 45 oyun keçirib. Bu görüşlərdə 3 qol vurmuş yarımmüdafiəçi 6 məhsuldar ötürmə müəllifi də olub.
Facoli 2022-ci ilin noyabrında İtaliya yığmasının heyətində debüt edib, meydanda 50 dəqiqə keçirib.
“Transfermarkt” internet-portalı 22 yaşlı Nikolo Facolinin 35 milyon avro məbləğində qiymətləndirir.


