Futbol üzrə İtaliya milli komandasının və “Roma”nın hücumameyilli yarımmüdafiəçisi Nikolo Zaniolo paytaxt təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını Türkiyənin “Qalatasaray” klubunda davam etdirəcək.
Bu barədə “canavarlar”ın mətbuat xidməti məlumat yayıb. Lakin transferin detalları açıqlanmayıb. “Qalatasaray” da rəsmi saytı vasitəsilə açıqlama yayaraq bu keçidi təsdiqləyib.
Türkiyə nəhəngi yeni transferi ilə 4.5 illik anlaşıb. İstanbul klubu bu transferə görə “Roma”ya 15 milyon avro ödəyib. Futbolçunun gələcək satışından əldə olunacaq gəlirin də 20 faizi İtaliya klubuna çatacaq. Yarımmüdafiəçi özü isə yeni klubunda ilinə 2 milyon 750 min avro qazanacaq. Bu mövsümün qalan hissəsində isə onun 900 min avro gəlir əldə edəcəyi diqqətə çatdırılıb.
“Qalatasaray” “Roma” ilə 2023-cü ildə xeyriyyə matçı keçirəcəyini də açıqlayıb. Artıq klublar bununla bağlı razılıq əldə ediblər. Bu oyundan əldə olunacaq gəlir isə bütünlüklə zəlzələdən əziyyət çəkən ailələrə veriləcək. Hansı ki, fevralın 6-da Türkiyənin 10-dan çox əyalətində böyük dağıntılara səbəb olub.
Nikolo Zaniolo peşəkar karyerasına “Virtus Entella”da başlayıb. O, daha sonra Milan “İnter”inə transfer olunsa da, bu klubda əsas heyətə düşə bilməyib. Bu üzdən də 2018-ci ilin yayında 4.5 milyon avro qarşılığında “Roma”ya transfer olunub. Yarımmüdafiəçi paytaxt təmsilçisində bütövlükdə 128 matça çıxıb, 24 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb. O, İtaliya milli komandasında da 11 oyuna 2 qolla yadda qalıb.


