Nils Nkunku “Ayntraxt”da

“Sent Etyen”in sol cinah müdafiəçisi Nils Nkunku bundan sonra Almaniyanın “Ayntraxt” klubunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi fransız futbolçunu 7,5 milyon avro qarşılığında heyətinə qatıb.

22 yaşlı futbolçu ilə 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Nils Nkunku Marsel “Olimpik”inin yetirməsidir. O, karyerası ərzində “Everton”, “Standard” (Lyej), “Kardiff Siti” kimi klubların da formasını geyinib. “Sent Etyen” onu “Everton”dan 2 milyon avroya transfer etmişdi. Müdafiəçi Fransa klubunda 21 oyuna 6 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

“Ayntraxt” Almaniyanın digər klubu “Qroyter”dən Sidney Rebigeri də transfer edib. 18 yaşlı futbolçunun transferi 50 min avroya başa gəlib. Alman yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. “Leypsiq”in yetirməsi olan futbolçu ötən ildən “Qroyter”də çıxış edirdi. O, Almaniyanın U-18 yığmasına da dəvət alır.

“Ayntraxt” kolumbiyalı hücumçusu Rafael Borreni də “Verder”ə icarəyə verib. 28 yaşlı forvard bu mövsümün sonuna kimi icarədə olacaq.

Borre 2021-ci ildən formasını geyindiyi “Ayntraxt”da 92 oyuna 15 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. O, “River Pleyt”, “Deportivo Kali” və “Vilyarreal” kimi klublarda da forma geyinib. Təcrübəli hücumçu Kolumbiya yığmasında da 26 oyuna 4 qol vurub.

“Verder”in hücumçusu Oliver Burke də İngiltərənin “Birmingem” klubuna keçib. Şotlandiyadan olan 26 yaşlı forvard da mövsümün sonuna kimi icarədə olacaq.

Burke “Verder”də cəmi bir mövsüm forma geyinib. O, bu komandada 19 oyuna 2 qol vurub, 1 assist edib. Hücumçu “Şeffild Yunayted”, “Alaves”, “Milluol”, “Nottingem Forest”, “Vest Bromviç”, “Seltik”, “Bredford Siti” və “Birmingem Siti” kimi klublarda da forma geyinib, Şotlandiya yığmasında 13 oyuna 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: